Türkiyə, Rusiya və İsrail arasında gizli danışılar| Hələb uğrunda döyüşlər daha çox kimə sərfəlidir?

2024/12/1733325531.jpg
Oxunub: 704     17:20     04 Dekabr 2024    
“Türkiyə Suriya hadisələrində iştirak etmir”. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Bundan əvvəl o, rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Bununla bağlı məlumat azdır. Bəlkə də Rusiya Xarici İşlər Nazirliyinin həmsöhbətlərin Astana formatını müzakirə etməsi ilə bağlı açıqlaması diqqətəlayiqdir.

Belə başa düşülə bilər ki, Lavrov Suriyanın şimalında müxalif qüvvələrin “ayırma zonalarını pozması” ilə bağlı Türkiyə tərəfinə narazılığını bildirib. Moskvada təbii ki, Suriyanın hakim rejiminə qarşı döyüşən silahlı dəstələrin əsasən Türkiyəyə tabe olduğunu yaxşı bilirlər.

Hələb və ətraf yaşayış məntəqələrinə qarşı hücumun mesajı çox şəffafdır: silahlılar öz hərəkətlərini “Təcavüzə qarşı” və ya “Təcavüzün qarşısını almaq üçün” kimi adlandırıblar. “RİA Novost” dövlət agentliyinin məlumatına görə, Suriya hökumət qüvvələri yazda türkiyəyönlü qüvvələrin nəzarəti altında olan ərazilərdə nəzarəti bərqərar etməyə hazırlaşırdılar və yaraqlılar qabaqlayıcı addım atıblar.

Eyni yerdə vəziyyət belə qiymətləndirilib ki, Rusiya Bəşər Əsəd rejiminə hərbi yardım etməyə məcbur olacaq. Əslində Moskva etiraf edir ki, Suriyadakı türkiyəyönlü silahlı birləşmələr Rusiyaya qarşı ikinci cəbhə açıblar. Üstəlik, “RİA Novosti” iddia edir ki, çoxlu sayda türkiyəyönlü silahlı dəstələr mərkəzi Asiya ölkələrindən Suriyaya köçürülən “könüllülər”dən ibarətdir. Rusiya KİV-inin iddiasına görə, onlar döyüş təcrübəsi qazanaraq, daha sonra əmək miqrantı adı altında Rusiya ərazisinə daxil ola bilərlər. Bu kontekstdə hazırda Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olan İbrahim Kalının bir neçə il əvvəl verdiyi, Rusiyanı “daxildən partlatmağ”ın mümkün olduğu barədə olan bəyanatını böyük narahatlıqla xatırlayırlar.

Kalın bu xəbərdarlığı Türkiyə prezidentinin baş müşaviri vəzifəsini tutarkən verib. Suriyanın şimalında vəziyyətin gərginləşməsi, şübhəsiz ki, birbaşa Rusiya-Ukrayna müharibəsi, hazırkı təmas xəttində atəşkəs yaradılması təklifi və Kremlin bunu demək olar açıq şəkildə rədd etməsi ilə bağlıdır. Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidentinin ofisi Bosfor-Dardaneli Rusiya hərbi gəmiləri üçün bağladığına və bununla da Odessa və Nikolayevin əldən çıxmasının qarşısını aldığına görə Türkiyəyə minnətdarlığını bildirmişdi.

Təbii ki, rəsmi Ankara Bəşər Əsədlə problemləri həll etməyə çalışır. Öz növbəsində, Hələb ətrafında gərginliyin artmasına görə məsuliyyət İsrailin Baş naziri Benyamin Netanyahuya aid edilir. Qeyd edilir ki, Netanyahu beləliklə “Hizbullah”a daha çox silah verilməsinin qarşısını almaq üçün Suriyanın Livanla sərhədinə nəzarəti ələ keçirməyə çalışır.

Ola bilsin ki, Türkiyənin xarici işlər naziri rusiyalı həmkarına vəziyyətin bu şərhini təqdim edib. Bundan əvvəl İsrail mətbuatı Netanyahunun “Hizbullah”ı hərbi yolla dayandırmaq məqsədilə zəmanət almaq üçün Moskvaya nümayəndə göndərdiyini, lakin rədd cavabı aldığını yazmışdı. “Rusiya hərbi kontingentinin Suriyada sərhəd nəzarətini həyata keçirmək mandatı yoxdur”, - deyə Rusiya Xarici İşlər Nazirliyi rəsmi olaraq bildirib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsrail   Rusiya  


Bizi "telegram"da izləyin